“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək göstərmək məqsədilə növbəti ağacəkmə aksiyasında iştirak edib.
24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı,Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə institutlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.Tədbir ölkədə yaşıllıq sahələrinin artırılması, ətraf mühitin mühafizəsi və ekoloji davamlılığın gücləndirilməsi məqsədi daşıyır.
Kampaniya çərçivəsində “Aqrarkredit” QSC-nin əməkdaşları fəal iştirak edərək ərazidə ağacların əkilməsinə öz töhfələrini veriblər. Bu cür təşəbbüslər həm ətraf mühitin yaxşılaşmasına, həm də gələcək nəsillər üçün daha sağlam mühitin yaradılmasına kömək edir.
Qeyd edək ki, ağacəkmə kampaniyası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir və ölkədə yaşıllığın artırılmasına xidmət edir.“Aqrarkredit” QSC bundan sonra da ətraf mühitin qorunmasına yönələn layihələrdə aktiv iştirak etməyə davam edəcək.